Mirzə Xəzər: “İki gün sonra Heydər Əliyev məni və qızımı Prezident Aparatına dəvət etdi…”

13.10.2015 - 11:29

xezerStrateq.az-ın budəfəki qonağı Mirzə Xəzərdir – zamanın Azərbaycan qəhrəmanı. Bəli, bir zamanlar milyonlarla insan “Azadlıq” radiosunda onun xəbərlərini, şərhlərini, analizlərini dinləmək üçün səbrlə verilişlərin vaxtını gözləyərdi. Mirzə Xəzər Azərbaycanın çox ağır zamanlarında ona dayaq olmuş, bizi informasiya müharibəsindən qalib çıxarmış adamlardan-jurnalistlərdəndir. Hamıya qapı açıb, hamını tribunalandırıb, hamıya söz haqqı tanıyıb. Sovet zamanında Milli hərəkatın öndə olanlarına, Ayaz Mütəllibov zamanında AXC-yə, AXC hakimiyyətində Heydər Əliyevə, Heydər Əliyev zamanında isə ona müxalifətdə olanlara meydan tanıyıb. Sözə meydan tanıdıqca, vəzifəsini icra etdikcə, hədəfə gəlib. Bu hədəfə gəlmək onu işindən edib. 

Hə, bu dəfə “16-1”-də bu maraqlı adam – Mirzə Xəzər var. İllər keçsə də, ona olan maraq azalmır. O da bizim tariximizin bir parçasıdır çünki…

 

mirzexezer-2.JPG

…bir az jurnalist, …bir az radioçu, bir az avam, bir az sadəlövh …bir insan

 

– “Mirzə Xəzər kimdir” sualına necə cavab verərdiniz?

– Maraqlı sualdır. Mənim fikrimcə Mirzə Xəzər elə Mirzə Xəzərdir. Mirzə Xəzər – bir az jurnalist, bir az yazıçı, bir az tədqiqatçı, bir az tərcüməçi, bir az radioçu, bir az avam, bir az sadəlövh… bir insandır. Barəmdə bundan artığını demək üçün təkəbbürlü olmam lazımdır ki, lovğalıq da mənə yad hissdir.

– Haqqınızda yazılan Azərbaycan vikipediyasında  bildirilir ki, siz dağ yəhudisisiniz. Azərbaycanı nə üçün tərk etdiniz? O vaxtkı siyasi durum sizi niyə qane etmədi?

– Bəli, mən dağ yəhudisiyəm. Atam və anam da dağ yəhudiləriydilər. Ailəmizin SSRİ-dən  (Azərbaycandan) çıxıb getməyində siyasət axırıncı yerdə gəlir. Ayrı-seçkilik görməmişdik. Ailəmiz 11 nəfərdən ibarət idi: iki bacım, üç qardaşım, anam və atam, iki uşağım və həyat yoldaşım. Atam ticarət adamı idi. Uzun illər dükanları, sonra müxtəlif sexləri idarə etmişdi. Sovet sisteminin qadağalarına baxmayaraq, müəyyən var-dövlət yığmışdı. Xoşbəxt və firavan həyatımız var idi. Atamı Azərbaycanda çoxları tanıyırdı. Hörmət qazanmış bir şəxs olaraq sözünün çəkisi var idi. Həmişə “bu ölkədə azadlıq yoxdur, şəxsi təşəbbüskarlıq boğulur” deyirdi və o dövrün təbiri ilə desək, “kapitalist” ölkələrində yaşayanlara həsəd aparırdı. Bol məhsuldan sonra quraqlıq illəri gəldiyi kimi, ailəmizin də xoşbəxt günlərində quraqlıq dövrü başlandı. Atamı sıxışdırdılar. Əvvəlcə dükanları, sonra sexləri itirdi. Maddi vəziyyətinin ağırlaşması ilə yanaşı, atamın səhhətində ciddi problemlər yarandı. Atam xərçəng xəstəliyinə tutuldu. Hər tərəfdən məngənədə sıxılıb qalmışdı. Vurnuxurdu. SSRİ-də müalicəsinə inanmadığı kimi, ailənin də bataqlıqdan çıxacağına ümidini itirmişdi. Kənardan yardım edən yox idi.

 

SSRİ-də azadlığın olmadığını, söz və düşüncənin buxovlandığını bilirdim

 

1970-ci illərin əvvəlində gözlənilməz bir yola baş vurdu. Bir tanışın vasitəsi ilə İsraildən dəvətnamə gətirdə bildi. Atam sevinirdi. Əvvələn, gedib İsraildə müalicə olunacaqdı. Digər tərəfdən də atamın ən böyük arzusu sərbəst bazar iqtisadiyyatı olan bir cəmiyyətdə yaşamaq, işləmək idi və beləliklə, hər iki məqsədinə nail olacaqdı. Amma ailədə hamı sevinmirdi. Doğma yurdu qoyub naməlum və hələ heç kimin görmədiyi Yaxın Şərqə yola çıxmaq asan deyildi. Nəhayət, ailə birləşdi. Atam sənədləri Daxili İşlər Nazirliyinə təqdim edəndə DTK-ya çağırıldı. SSRİ-ni tərk etməsinin səbəbi soruşuldu. Bir neçə aylıq mübarizədən sonra mühacirət üçün rəsmi icazə gəldi. 1973-cü il oktyabr ayında atam ailəni götürüb Bakıdan çıxdı. Mən ailəmlə müvəqqəti olaraq Azərbaycanda qaldım və 1974-cü ilin iyun ayında mən də Azərbaycanla vidalaşmalı oldum. Çətin idi. SSRİ-də azadlığın olmadığını, söz və düşüncənin buxovlandığını bilirdim. Atama qarşı ədalətsizliyin səbəbkarının da sovet sistemi olduğunu dərk edirdim. Xaricdəki vəziyyətdən də xəbərim var idi. 16 yaşım olanda xaricə səyahət edib, hətta “qardaş” sosialist ölkələrində şəraitin daha yaxşı olduğunu görmüşdüm. Amma yenə də, əgər atam köçməsəydi, mən xaricə köçməyə cəsarət etməzdim. Hüquqşünas kimi karyeramın ardınca gedəcəkdim. Atam köçəndən sonra bu yol da bağlandı. Bu səbəbdən mənə dissident deyəndə cavab verirəm ki, mən dissident olmamışam. Atam 1975-ci ildə  əməliyyat olundu. Azərbaycanı tərk edəndən sonra 18 il yaşadı. 1991-ci il yanvar ayında vəfat etdi. 65 yaşında idi. Azərbaycanı heç zaman yaddan çıxartmadı. Orada yaşadığı günləri həsrətlə yad edirdi. Anam 1994-cü il yanvar ayında dünyasını dəyişdi. 65 yaşında… O da Azərbaycanı həsrətlə yad edirdi…

İnqilabımızın rüşeymində buraxdığımız səhvlərin acı meyvəsini yeməyə məhkumuq

– Yeni tariximizdə mətbuatın “blokada”ya alındığı ən ağır günlərdə milyonlarla insanın səbirsizliklə sizi dinlədiyinin şahidiyik. Dediyiniz hər kəlməni insanlar məlhəm olaraq qəbul edirdilər, sizi özlərinə arxa bilirdilər. O günlərdən 20-25 ilə yaxın müddət keçib və Azərbaycanda çox şey dəyişib. Dünən Azərbaycan üçün qəhrəman olanlar bu gün az qala “xalq düşməni”dirlər. Sizcə, bu cür ciddi dəyişikliklərin baş verməsinin səbəbi nədir?

– Bu suala müfəssəl cavab vermək üçün “Azərbaycan inqilabı” adlandırdığımız hadisələrin kökünə qayıdıb, bütün olan-keçənləri təhlil etmək lazımdır. 20-25 il tarix baxımından çox qısa bir dövrdür və belə qısa dövrdə cəmiyyətin bizdəki kimi sarsılması, çalxalanması təsirsiz ötüşə bilməzdi. Biz, inqilabımızın rüşeymində buraxdığımız səhvlərin acı meyvəsini yeməyə məhkumuq. Biz, meydanda mikrofonu əlinə alan hər kəsi qəhrəman mərtəbəsinə yüksəldib, sonra xain kimi yerə vurmuşuq. Niyə? Çünki inamımız səmimiyyət üzərində qurulmamışdı. İlk Meydandan düz Meydan ideyasının məzarlığa basdırıldığı 1993-cü ilin iyun ayınadək Azərbaycanda fenomenal bir sintezin yarandığını müşahidə edirik: bir şəxsin içində “milli mənafe” ilə “şəxsi mənfəət” yanbayan, “dinc yanaşı yaşamağa” başladı. Xəcalət hissi qəbirə gömüldü. Dünən qəhrəman olanların sonra “xalq düşməni”nə və əksinə, dünən “xalq düşməni” olanların sonra qəhrəmana çevrilməsi prosesinin təməli elə İlk və sonrakı Meydanlarda qoyulub, AXC və Əliyev hakimiyyəti dövründə davam edib. Şəxsiyyətin erroziyası, mənəviyyatın inflyasiyası bu gün də davam etməkdədir. Çünki səhnədəki aktyorlar 26 il əvvəlki aktyorlardır. Sonra onların xələfləri ön sıralara keçəcək və dəyirman tərsinə fırlanmaqda davam edəcək…

 

Heydər Əliyev boykot ediləndə ona mikrofon vermişəm

 

– Belə də demək olar, “bu rejimin gözündən niyə düşdünüz”? Nə istədilər vermədiniz? Axı zamanında normal münasibətlərinizin olduğu bilinir…

– Mənim bu hakimiyyətlə problemim yoxdur. Bu hakimiyyətin mənimlə problemi var. Bu hakimiyyət məni tanımamışdırsa, bu, onların öz günahıdır. Mən Heydər Əliyev kütləvi informasiya vasitələri tərəfindən boykot ediləndə ona mikrofon vermişəm. Mən keçmiş KQB generalı, Siyasi Büronun keçmiş üzvü Heydər Əliyevə mikrofon verdiyim üçün radionun “Broadcast Analysis Department” (Proqramların analizi departamenti) tərəfindən yüzlərlə şikayət memorandumu almışam. Dəfələrlə tənqid edilmişəm. Amma yolumdan dönməmişəm. Təmənnasız etmişəm. Ayaz Mütəllibov hakimiyyəti zamanı və ya AXC hökuməti dövründə Bakıdan şikayətlər gəlməsinə baxmayaraq, yenə də Heydər Əliyevə öz sözünü deməyə şərait yaradırdım. Təmənnasız. Marqlıdır, siyasi müxaliflərinə efir vaxtı versəm də, onu tənqid etsələr də, Ayaz Mütəllibov bir dəfə də olsun məndən və ya radiodan şikayət etməmişdi. Tamamilə əksinə, 2003-cü ildə məni vəzifədən çıxardanda məhz Ayaz Mütəllibov Moskvadan bəyanat yayaraq mənim müdafiəmə qalxdı və radionun qərarını tənqid etdi. Nə isə… Heydər Əliyev hakimiyyətə gələndən sonra Xalq Cəbhəsinə, Müsavat partiyasına və digər müxaliflərə Əliyev hökumətinə qarşı tənqidlərini, fikir və mövqelərini səsləndirməyə şərait yaratdım. Heydər Əliyevlə 1993-cü ildə Bakıda və Parisdə, 1994-cü ildə Londonda, 1998-ci ildə Bakıda görüşmüşəm. İlk iki görüş yaxşı keçdi. Lakin Londonda görüş zamanı soyuqluq hiss etdim. Görünür, müxalifətin hakimiyyətə qarşı tənqidi fikirlərini radiodan səslənməsi və mənim şərhlərimdə tənqidi fikirlərin olması Heydər Əliyevi narahat etmişdi.

Rəsul Quliyevə radioda yer verilməsi Əliyev hökumətini çox qəzəbləndirdi

Gülünc vəziyyət idi. Heydər Əliyev unudurdu ki, AXC dövründə onun Əbülfəz Əliyev hökumətinə qarşı tənqidi fikirlərinin radiodan yayılması AXC rəhbərliyini eyni dərəcədə narahat etmişdi. 1997-ci ildə Rəsul Quliyevə radionun proqramlarında yer verilməsi Əliyev hökumətini çox qəzəbləndirdi. Rəsul Quliyev hakimiyyətin zəif nöqtəsi idi. Rəsul Quliyev eyni klanın nümayəndəsi olaraq hakimiyyətin müxtəlif laylarında nüfuza malik idi. Rəsul Quliyev birbaşa Heydər Əliyevin komandasından çıxıb müxalifə çevrilən bir siyasətçi idi. Onun hər bir müsahibəsi və ya bəyanatı birbaşa hakim klanın içində mərkəzdənqaçma prosesinə təkan verirdi. Heydər Əliyev buna yol verə bilməzdi. Hakimiyyətin təməli sarsılırdı. Və elə bu üzdən Rəsul Quliyevə qarşı rəsmi kampaniya alovlandı və təbiidir ki, mən də hücumların hədəfinə çevrildim. Amma mənim mövqeyimdə qeyri-adi bir dönüş olmamışdı. Ayaz Mütəllibovun hakimiyyəti zamanı təmənnasız AXC-yə, AXC hakimiyyəti zamanı təmənnasız Heydər Əliyevə mikrofon uzadan bir radionun, Heydər Əliyevin hakimiyyəti dövründə təmənnasız Rəsul Quliyevə mikrofon açması təəccüblü deyildi. Əlbəttə, qarşı tərəf bunu başqa cür yozurdu. Mətbuatda çirkin yazılar dərc olundu. 1998-ci il yanvarın sonunda “Azad Avropa və Azadlıq” radiolarının prezidenti ilə birlikdə Bakıya rəsmi səfərlə gəlmişdik. Prezident Əliyevlə görüşümüz oldu. AzTV ilə canlı yayılan görüş zamanı mərhum Heydər Əliyev məni hədəfə alıb hücuma keçdi. Bizim üçün çox gözlənilməz oldu. “Azərbaycan Redaksiyasının rəhbəri Mirzə Xəzər iddia edir ki, mən Azərbaycanda monarxiya yaradıram və oğlumu yerimə hazırlayıram”,  – Heydər Əliyev qəzəbli idi. “Bu, qeybətdir. Məgər sizin radio qeybəti fakt kimi yayır?” Suallar radionun prezidenti üçün gözlənilməz idi. Mən susdum. Heydər Əliyevin “qeybət” adlandırdığı xəbər – fakt idi. İki gün sonra mərhum Heydər Əliyev mənimlə görüşmək istədi. Məni və qızımı Prezident Aparatına dəvət etdi. Mehriban salamlaşdıq. Elə bil, o qəzəbli Əliyevdən əsər-əlamət yox idi. Söhbət iki saat sürdü. Bir çox məsələlərə toxundu. “Monarxiya” məsələsini qaldırdım və dedim ki, Heydər müəllim, axı bu “varis” sözü qeybət deyil və bunu mən icad eləməmişəm, sizin YAP Binəqədi rayon təşkilatının sədri Abbas Mustafayev bunu rəsmən qəzetlərə bildirib. Güldü, “bilirəm, o Abbas Mustafayev qranitdən mənim büstümü düzəltdirib mənə hədiyyə göndərib”, – dedi. Hər şeydən xəbəri var idi. Bu, əsl Heydər Əliyev idi. Söhbətin sonuna doğru ciddiləşdi və üzümə baxa-baxa: “Bəli, mən varis hazırlayıram”, – dedi. Radionun tənqidlərinə toxundu, dedi ki, “mən demirəm məni tənqid etmə, amma o biri tərəfi də tənqid elə.” Cavab verdim ki, mən həmişə işimə obyektiv yanaşıram. Mehriban söhbətimiz mehribançılıqla qurtardı. Gülə-gülə bizi qapıya kimi yola saldı. Bu, Heydər Əliyev idi. O, rəhmətə gedəndən sonra hakimiyyətin və müxalifətin bəzi qurumlarının mənə qarşı meydan “savaşı” təzədən alovlandı. Tamamilə susmağımı istədilər. Onlara bunu verə bilməzdim… Nəticəsini bilirsiniz.

 

Mən müstəqil idim

 

– Müstəqil mətbuat. Bu haqda Azərbaycanda çox diskussiyalar, fikir mübadilələri gedir. Azərbaycan hakimiyyətilə birbaşa bağlılığı olan bir çox mətbu orqanlar da cəmiyyətə özlərini müstəqil mətbuat kimi təqdim edirlər. Müstəqil mətbuatın tərifi varmı? Siz də bir ara Azərbaycanda qəzet çıxarmağa cəhd etdiniz? Müstəqildinizmi?

– Azərbaycanda “müstəqil mətbuat” məfhumu təhrif  edilib. Mən müstəqil idim, çünki nə hakimiyyətdən asılı idim, nə müxalifətdən. Sponsorum olmadığı üçün hansısa oliqarxdan da asılılığım yox idi. Qəzetin buraxılmasını özüm maliyyələşdirirdim. Azərbaycanda hər kəs bu cür hərəkət edə bilməz. Bu səbəbdən Azərbaycanda hər hansı kütləvi informasiya vasitəsi ya hakimiyyətdən, ya müxalifətdən, yaxud da maliyyə mənbəyindən asılı vəziyyətdədir. Azərbaycan mətbuatında “reket”çilik də vüsət alıb ki, “reket”ə əl atan mətbuat vasitəsini müstəqil adlandırmaq qeyri-mümkündür.

 

Mətbuat müstəqil olmamağa məhkumdur

 

– Özünü “demokratik dövlət” adlandıran bir ölkədə azad, müstəqil mətbuatın varlığı, yaşaması üçün hansı vacib addımlar atılmalıdır? Əgər bunların əksi ilə qarşılaşırıqsa, o zaman dövlət demokratik deyil, yoxsa mətbuat müstəqil olmağa hazır deyil?

– Azərbaycan demokratik dövlət deyildir. Demokratik dövlət olmadığı üçün kütləvi informasiya vasitələrini öz iradəsinə tabe etdirməlidir. Təəssüflə deməliyəm ki, dövlət, cüzi istisnalar xaric, kütləvi informasiya vasitələrini “dəyənək və kökə” üsulundan istifadə edərək büsbütün öz iradəsinə tabe etdirə bilib. Və təəssüflər olsun ki, mətbuat vasitələrinin bir çoxu könüllü olaraq hakimiyyətin boyunduruğunu qəbul etməli olub. Boyunduruğu qəbul etməyənləri ya xaricə qovurlar, yaxud da Kürdəxanıya “universitetə” göndərirlər. Deməli, dövlət demokratik deyil, mətbuat isə müstəqil olmamağa məhkumdur.

– “Jurnalist siyasətə qarışmamalıdır” fikri ilə razılaşırsınızmı?

– Jurnalist siyasətə qarışmalıdır. Jurnalistin siyasi proseslərə təsiri hiss olunmalıdır. Jurnalist siyasətə qarışmırsa, siyasətdən yaza bilməz. Siyasətdən yaza bilmirsə, ölkədə yaranmış vəziyyətə dürüst şəkildə qiymət verə bilməz. Dürüst qiymət verə bilmirsə, xalqı aldatmalıdır. Xalqı aldadırsa, bunun adı mətbuat deyildir, başqa şeydir…

 

Avropa Parlamenti ən çox Azərbaycan qarşı qətnamə qəbul edir

 

– Avropa Parlamentinin bu günlər Azərbaycanla bağlı çox önəmli qərarları qəbul olundu. Rəsmi Bakı bu qərarları Azərbaycana qarşı qaldırılan ittihamlar kimi qəbul edir. Əslində, bütün problemlərə siyasi yanaşma tərzi də budur. Sizcə, problemlərin aradan qaldırılması üçün ortaq məxrəc varmı və bunu nədə görürsünüz?

– Mən Avropa Parlamentinin obyektivliyinə şübhə edirəm. Avropa Parlamentinin tənqidləri əsassız sayılmaz, lakin Qafqazda dörd ölkə var: Rusiya, Gürcüstan, Ermənistan və Azərbaycan. Avropa Parlamenti ən çox Azərbaycan qarşı qətnamə qəbul edir. Rusiya, Gürcüstan və Ermənistan kənarda qalır. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Azərbaycan isə heç kimin ərazisinə qəsd etməyib. Əgər Avropa Parlamenti ədalətə sadiqdirsə, haqqın tərəfdarıdırsa, qoy bütün səylərini birləşdirib Ermənistana təzyiq göstərsin. Amma etməz… Əfsus ki, burada başqa amillərin rolu böyükdür.

 

Yox, mən peşman deyiləm

 

– Üzərinizə təpkilər olan zamanlarda nə düşünürdünüz? Fəaliyyətinizlə bağlı nə vaxtsa peşimançılıq hissləri keçirdinizmi?

– Peşimançılıq? Yox, mən peşman deyiləm. Hər şeyi təzədən yaşamalı olsam, yenə eyni yolu gedərdim. Mənim birinci kitabımın adı “Söz uçar, yazı qalar”dır. İkinci kitabımın adı isə “Mən peşman deyiləm”dir.

– Yaradıcılıq, tərcümə işlərini davam etdirirsinizmi? Hazırda məşğul olduğunuz ədəbi işlər varmı?

– Heç özüm də bilmirəm. Yazıram, pozuram…

– Bu gün də Azərbaycan cəmiyyətinin maraq dairəsində olan şəxslərdənsiniz. Onlara bizim vasitəmizlə çatdırılacaq sözünüz varmı?

– Bütün azərbaycanlılara səmimi salamlarımı çatdırmaq istəyirəm. Xoşbəxt olun! O gün olsun layiq olduğunuz firavanlığa və azadlığa qovuşasınız!

 

Hazırladı:

Əvəz Zeynallı

Məlahət Zeynallı

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=34764

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930